Səhnənin sonunda…

İnsanlar müxtəlif səbəblər üçün bir yerə toplanırlar. Kənardan necə görünməsinin bir fərqi olmadan. Bu hər zaman belə idi. Müharibəyə getmək üçün toplaşanlar, onları qarşılamaq üçün toplaşanlar, bir dövləti devirmək üçün toplaşanlar, bir dövləti xilas etmək toplaşanlar, haqqın istəyənlər, haqsızlıq etmək üçün toplaşanlar. Bəzən də illər sonrası üçün toplaşan insanlar olur. Həmin vaxt çox kiçik görünən toplumların gücü yüz illər sonra görünə bilir. 

Bunları niyə danışıram heç bilmirəm. Bəlkə də içkinin təsiridir. Qarsonun uzatdığı sinidən götürdüyüm nə idisə bahalı bir şey idi. Hər nəysə bugün də bura insanlar toplaşıb. Köhnə günlərdəki kimi… Böyük saray, dəbdəbəli geyimlər, dəbdəbəli insanlar, daima qulağının dibində səslənən bir musiqi. Belə məclislərdə hər kəs hündürboy, ağ dərili və sağlam görünür eləbil. İnsafla danışası olsam…Çox möhtəşəm saraydır. Heç vaxt belə bir məclisdə olmamışam və açığı hazırda da özümü bura çox yad hiss edirəm. Sanki hər kəsdən seçilirəm və bu ağ adamlar hər biri mənə baxırlar. Yaxşı ki, saray ecazkar bir yerdir və bu adamların bütün dəbdəbəsini itirir. Mən də bu qarışıqlıqda yox oluram və bundan qəti narazı deyiləm.

Qarson yenə yaxınlaşır. Deyəsən məcbur içməliyəm. Amma çox içmədən gərək onu tapım. Mən bura məhz ona görə gəlmişəm. Əslində ilk ciddi görüş üçün heç də uyğun yer sayılmaz, amma çox gözləyə də bilməzdim. O burda özünü çox rahat hiss edir və bu saray dəbdəbəsinə məndən daha çox yaraşır. Təbii ki…

Onunla uzaqdan uzağa danışıqlarımız olub. Heç vaxt yaxınlaşmağa cəsarət etməmişəm. Yəqin ki, onu necə bəyəndiyimdən, necə istədiyimdən də xəbəri yoxdur. Bu tədbirə də bilet aldığını da təsadüfən öyrənmişdim. Həmin vaxt verə biləcəyim ən yaxşı qərarı verdim və indi ikimiz də burdayıq. Təbii ki, “təsadüfən” Amma o deyəsən hələ də gəlməyib. Mən sarayın künclərindəki naxışlara baxmağa, musiqiyə qulaq asmağa davam edirəm. “Merry go round of life”. Bu musiqini bilirəm. Bu musiqini sevirəm. Qırmızı hündür pərdələr. Teatrlara xas naxışlar, səhnə və hərkəsin toplaşdığı böyül zal. Qarsonlar qonaqlara dayanmadan içki və kiçik atışdırmalardan servis edirlər. Burdakılar mənim kimi deyillər deyəsən. Elə bir şüşəni əllərinə alıb dayanırlar. Məsələn Corc Buşa bənzəyən o adam. Qarşısındakı qadınla yəqin ki, tanış olma ərəfəsindədir. Qadın hər güləndə o da gülə bilmədiyindən yalandan qədəhi dodaqlarına uzadır. Ya bu yanımdan keçən “bəy əfəndi”. Sanki üzündə maska gəzdirir. Əminəm ki, bu qeyri-səmimiliyi təkcə mən görmürəm. Bəlkə də elə mən görürəm. Qarson gəlir. Yox. Yaxınlaşma… Yaxınlaşmaa…Təşəkkürlər 🙂 Bunu da içim bəsdir..

Bu sarışın qadınlar kimdi görəsən. İllərdir belə məclislər hansı kinoda varsa bu qadınlar da orda olurlar həmişə. Elə eyni üzlərdir sanki. Həmişə də kiməsə acıq verirmiş kimi gülürlər. İlahi……O gəldi….

O Musanın sehri kimidir. İçəri girəndə hərkəs ikiyə bölündü sanki. Hər kəs.. Mən onu heç vaxt belə görməmişdim. O şıltaq qız necə bu qədər asil görünə bilər ki? Qısa saçları, uzun qara libası, açıq kürəyi, qırmızı dodaqları, bütün saraydan daha ecazkar gözləri… İlahi… Tanrı onu neçə günə yaradıb? Onu yaradarkən kimi dinləyirmiş? Şopen? Bethoven? 

– İçki istəyirsiniz, bəy?

– İstəyirəm. Aha. İstəyirəm. Təşəkkürlər

– Buyurun.

O hara gedir? Kimə yaxınlaşacaq? Ürəyim elə bərk döyünür ki. Bilirəm ki, hər kəs ona baxır. Lənətə qalmış hər kəs. Divardakı heykəllər belə. O incəsənəti çox yaxşı bilir. Dizaynerdir. Bu bacarığı geyiminə elə sirayət edib ki. Mən.. Mən isə. Mənim incəsənət anlayışım elə onun özü qədərdir. Həm ondan o tərəfdə dayanır ki? Heç nə… Heç kim.

İndi musiqi də birbaşqa səslənir. Pianist artıq neçənci dəfədir bu mahnını təkrarlayır. Hər dəfəsində daha məharətlə. Skripkadakı arıq qızlar isə mahnıya xüsusi vəhdət qatırlar. Mən ona yaxınlaşmalıyam. Necəsə mütləq yaxınlaşmalıyam. 

Tək-tək ona yaxınlaşan insanlarla salamlaşır. Təbəssümü çox qısa çəkir. Sanki bu səmimiyyətsiz adamlarla uzun-uzadı danışmaq istəmir. Azca qıyıq gözləri, qalın dodaqları, qısa saçları.. İçki sanki qanıma yayılıb. Üzümün əzələləri gərilir. Ona bugün yaxınlaşmalıyam. Elə indi.

Ona çatana qədər uzun bir yol getdim sanki. Çox uzun bir yol. Minlərlə insanın arasından keçdim eləbil. Fəsillər dəyişdi. Ürəyimə qar yağdı, gün çıxdı, yarpaqları töküldü. Ətrafdakı adamlar yaşlandı, çoxaldı, azaldı gözümdə. Və mən ona gəlib çatdım. Onun tam qarşısında dayandım… (ARDI VAR)

okur

Yazar: Gündəlik

Blog OkurBlog Yazar

Bu yazıyı nasıl buldunuz?

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.